Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İTKİN ƏZİZLƏRİNİN TORPAĞINI, RUHUNU AXTARAN XOCALI QADINI

0

  •          Müsahibim Həsənova Xuraman Qaçay qızıdır. Xuraman Həsənova
    1957-ci il yanvar ayının 9-da Xocalıda doğulub. O, 1972-1975-ci illərdə
    Bakı Plan-İqtisad Texnikumunda təhsil alaraq iqtisadçı ixtisasına yiyələnib. 1980-ci ildə
    Mirzə Bağırovla ailə həyatı qurub. Mirzə kişi Xocalıda südçülük sovxozunda xəzinədar
    işləyib.

    Qardaşının, beş əmisi oğlunun itkisi ilə ürəyi
    dağlanan Xocalı qadını müsibətli günləri göz yaşları içində danışdı. Xuraman Həsənovanın
    timsalında bir daha Xocalı qadınının fədakarlığına, analıq hissinin gücünə,
    eyni zamanda dözümünə şahid oluruq.

    -  Qızımı
    axırıncı vertolyotla nənəsi ilə birlikdə Xocalıdan çıxartmışdıq. Fevral ayının 25-i axşam təxminən
    saat 11 radələri olardı ki, ermənilər ağır texnikalarla Xocalıya hücuma keçdilər. Həmin axşamı yoldaşım gəlib məni və iki oğlumu
    qonşumuz Eldarın zirzəmisinə apardı. Zirzəmidə gözləməli olduq. Döyüşlər
    getdikcə şiddətlənir və atışma səsləri yaxınlaşırdı. Təxminən on Xocalı ailəsi
    də bizimlə birlikdə zirzəmidə idi. Bir neçə saat gözlədikdən sonra çıxmalı
    olduq. Xocalının kənarına gəldik. Deyirdik ki, bəlkə geri qayıdarıq. Körpüyə
    çatanda yoldaşım, poçtun müdiri Cavan və Kamil Məmmədovla birgə şəhərdə qalanları
    çıxarmaq üçün geri qayıtdı. Ancaq onu çayın kənarında xeyli gözləsək də, gəlib
    çıxmadı. Ürəyimdə fikirləşdim ki, ya vurdular, ya da ki, əsir düşdü. Camaat Kətiyə
    tərəf çıxıb getdi, biz isə bir müddət orada qaldıq. Əlacsız qalıb biz də Kətik dağına
    üz tutmalı olduq. Corablarımı çıxardaraq Qarqarçayını keçdim. Uşaqları da çayın
    o biri sahilinə apardım. Böyük oğlumun 11, kiçik oğlumun isə 6 yaşı vardı.
    Corabımı geyinə bilmədim. Çəkməni ayağıma bir təhər geyinərək üzüyuxarı meşəyə
    sarı qalxdıq. Həmin vaxt qar çox yağmışdı. Soyuq qış gecəsində uçurumlarla Kətiyə
    qalxırdıq. Bir addım irəli atanda iki addım geri düşürdük. Arxadan gəlib bizə
    qoşulanlar kömək etməyə çalışsalar da, axırda hər kəs öz halına qalırdı. Səslərin
    arasından kiminsə qardaşım Rövşənə bacının da burada olduğunu deməsini eşitdim.
    Rövşən camaata kömək edirdi. Bizə yaxınlaşanda şərfini çıxardıb kiçik oğlum Raminin boynuna
    bağladı. Şərfi bağlayan zaman silahını döyüş yoldaşlarından birinə saxlamağa
    verdi. Lakin sonra həmin döyüş yoldaşı uzaqlaşdığı üçün özü silahsız qaldı.
    Qaraqayada qarşısı kəsilərək atəşə məruz qalan və canını güc-bəla ilə qurtaran təxminən
    300-400 insan da bizə qoşuldu. Qardaşım silahlılarla birlikdə qabaqda gedərək bizi
    təhlükədən qorumağa çalışırdı. O, Xocalı Özünümüdafiə Batalyonunun bölmələrindən
    birinin komandiri idi. Biz camaatla ayaqlaşa bilmədiyimiz üçün arxada qaldıq. Meşə ilə getməli olduq. Çantamda kibrit var idi, amma ocaq qalaya bilmədim. Paltomu
    çıxardıb kiçik oğluma bükdüm, kəməri ilə bağlayıb uşağı yerlə çəkdim. Uşaqlar su
    istəyirdilər, mənsə onlara qar verdim. Meşədə qalsaydıq donacağımızı bilirdim.
    Ona görə də hərəkət etdik. Meşə ilə gedəndə hənirti eşitdim. Bir az irəliləyəndə
    tonqal işığını gördüm. Tonqalın ətrafına camaat yığılmışdı. Biz camaata
    çatmamış qardaşımı səslədim. Qardaşım və qaynım Elşən yanımıza gəldi. Bizi
    tonqalın ətafına apardılar. Bir qədər sonra ocağı söndürdülər ki, yerimiz
    bilinməsin. Səhərə yaxın hava işıqlanmamış məsləhət oldu ki, burada dayanmaq
    olmaz, yola davam etmək lazımdır. Abdal-Gülablıya kəndinə tərəf getmək istəyirdik.
    Bir bələdçi dedi ki, mən yolu tanıyıram. Səhər saat 11 radələri olardı. Meşədən
    kənara çıxanda bir kənd gördük. Bizi kəndin qarşısından Azərbaycan dilində səslədilər.
    Azərbaycanlılar yaşayan kənddir, gəlin dedilər. Yorğun, soyuqdan donan camaat kəndə
    tərəf yaxınlaşdı. Kəndə çatar-çatmaz camaatı gülləbaran etdilər. Zəhra arvad,
    Xalidə arvadın cavan oğlu elə oradaca şəhid oldu. Silahı olan bir neçə nəfər müqavimət
    göstrdi. Camaat isə sıldırım dağın sinəsinə tərəf keçdi. Daha çox insan qətlə
    yetirilməsin deyə təslim olmaq məcburiyyətində qaldıq. Əsirləri ferma kimi yerə
    yığdıqdan sonra üstümüzdəki sənədlərimizi, zinət əşyalarımızı əlimizdən
    aldılar. Əsirlərin arasından 13 nəfər qamətli oğulları seçib apardılar. Aparılanların
    arasında qardaşım, biri qaynım olmaqla beş əmim oğlu da var idi. Bir qədər
    sonra çöldən avtomat səsləri gəldi. “KamAz” maşının səsini də eşitdik. Bilmədik
    ki, onları güllələndilər, yoxsa “KamAz”a yığıb apardılar. Onların sonrakı aqibətlərindən
    bu günədək heç bir xəbər yoxdur. Elə bil həmin insanlar həyatda olmayıb.

    O soyuq,
    şaxtalı, müsibətli gecədə fədakar Xuraman ananın qahmar çıxdığı oğulları bu gün
    Vətənə layiqincə xidmət edirlər. Böyük oğlu Elməddin Bağırov Xocalı Rayon Gənclər
    və İdman İdarəsinin rəisi vəzifəsində çalışır. Kiçik oğlu Ramin Bağırov isə Xocalı
    Rayon Polis Şöbəsində polis nəfəri kimi xidməti vəzifəsini icra edir. Onlar
    anaya, Vətənə olan mənəvi borcun qarşılığında məsuliyyət və şərəflə işləməyi
    qarşılarına məqsəd qoyublar. “Azərbaycan Bayrağı” ordenli itkin düşmüş qardaşı
    Rövşənin və beş əmisi oğlunun ölüb-qalmasından xəbəri olmayan Xuraman xanım daim
    intizar içindədir. Xuraman Həsənova Xocalıya gedərək əzizlərinin yatdığı
    torpağa sarılmağı, yaxud Xocalıda dolaşan ruhları haraylamaq, onlara qələbə müjdəsini
    vermək istəyir.  
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaDigər
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib45 dəfə
    İTKİN ƏZİZLƏRİNİN TORPAĞINI RUHUNU AXTARAN XOCALI QADINI

    Maraqlı gələ bilər
    53
    46
    162
    48
    53